Sevin Azərbaycanı

Azərbaycanı sevin, sevin Azərbaycanı,

Bu gün odlu sevgiyə onun ehtiyacı var…

Sevin odum, ocağım, evim Azərbaycanı,

İndiki dərdlərinə eşqimiz əlac olar…

 

Yaraları göynəyir, yaraları sızlayır,

Ey millətin qeyrətli oğulları, qızları,

Sevgimiz xilas edər bu gün Azərbaycanı,

Azərbaycanı sevin, sevin Azərbaycanı…

 

 Adını uca tutun hər arzudan, diləkdən,

 Doymayın, usanmayın ona ana deməkdən…

O bizim hamımızın həyacanı, harayı,

Bir də axı kim yanar ona bizdin savayı?..

 

 O bizim ruhumuzda, o bizim qanımızda

Yalnız biz keçməliyik uğrunda canımızda.

Can istəsə can verin, sevin Azərbaycanı,

Qan istəsə qan verin, sevin Azərbaycanı…

 

 Azərbaycanı sevin, sevin Azərbaycanı,

Kürül-kürül odlanan evim Azərbaycanı…

Dünyada vallah, belə talesiz millət olmaz,

Nə qədər saxlayarlar girov Azərbaycanı?..

 

 Bu qədər bölgü olmaz, bu qədər sərhəd olmaz,

Bəs nə vaxt görəcəyik bütöv Azərbaycanı?!

Az imiş, o təzədən bölünür, parçalanır,

Təbriz dərdi üstünə Şuşa dərdi qalanır.

 

 

Neçə yerə ayrılar, ya Illahi, bir bədən?

Xırda bir məkan qalıb o boyda bir ölkədən…

Tamam bitər, tükənər belə getsə amandır,

Axı o bir zamanlar nəhəng Azərbaycandı;

Zaman-zaman talayıb, biçib Azərbaycanı,

Bizə miras qoydular kiçik Azərbaycanı...

 

 

 

 

 

 

 

 

 

 

 

Oxşar şeirlər