Təzələndi

Təzələndi

Gəldi yenə gül fəsli, bu əyyam təzələndi,

Camin dodağın öp, yenə də cam təzələndi.

Açdı üzünü bağdakı güllər yenə güldü,

Gülşəndə yenə başladı bayram, təzələndi.

Şəbnəm öpər gül yanağından xumar oldu,

Bir busə üçün qəlbidə ilham təzələndi.

Qönçə açaraq ləblərini  güldü nəsimə,

Kim gördü bunu   sinədəki kam təzələndi.

Mey içmək üçün bir də həvəsləndi ürəklər,

Gül açdı bütün bağ boyu badam, təzələndi.

Sanma ki, hamı seyrə çıxıb, çöldə, çəməndə,

Gül üzlü bahar gəldi,  həyət, dam təzələndi.

Bülbüllər üçün Kəbəyə döndü yenə güllər,

Kəbə təzələndi, demək ehram təzələndi.

Dövran nə qədər göstərə sərt üz sənə, Saib,

Qəm cəkmə, bahardır yenə, ilham təzələndi.


Oxşar şeirlər