Ümmana yol alan gəmi kimiyəm,
Bir qərib nisgili, qəmi kimiyəm.
Gördün suya həsrət zəmi kimiyəm,
Yağış ol, üstümə yağ, yağa bilsən.
Torpağım talanıb, dərdi qalıbdı,
Namərdi gəlibdi, mərdi qalıbdı.
Baxdın "lələ köçüb, yurdu qalıbdı"...
Gözünü yollardan yığ, yığa bilsən.
Xırmanım buğdasız, dənsiz olanda,
Dərələr dumansız, çənsiz olanda,
Məni itirəndə, mənsiz olanda
Həsrəti içində boğ, boğa bilsən.
Dəniz kənarında tora həsrətəm,
Dağın ətəyində qara həsrətəm.
Qaranlıq gecədə nura həsrətəm,
Ay kimi üstümə doğ, doğa bilsən.
Qara ürəyimdə, ağ ürəyimdə
Dərə ürəyimdə, dağ ürəyimdə.
Qüssəli, sevincli çağ ürəyimdə,
Sən də ürəyimə sığ, sığa bilsən.