Həmrəylik günü.

 

31-Dekabr-sevinc payından

Bizim də süfrəyə tökülən gündür.

31 Dekabr-Arazboyundan

Sərhəd dirəkləri sökülən gündür.

 

Ağappaq qar yağdı al qanın üstə,

O qanı tökənlər susdular o gün.

Bizim tərflərdə yolkanın üstə

Tikanlı məftillər asdılar o gün.

 

Tarix qiymət verdi hər ilə, aya,

Həqiqət özünə yer edə bildi.

Məhəl qoymadılar şaxta babaya,

Ürəklər şaxtanı əridə bildi.

 

Sevinc yaşlarıyla baxdılar o gün,

Həsrətlə qovuşan əlin səsinə.

Bir qoca kabusu yıxdılar o gün,

Zaman təslim oldu elin səsinə.

 

Həmrəylik zülmətdə cevrildi oda,

Çökdü hər qayaya, çökdü hər daşa.

Dünyanı dolaşdı o səs, o səda,

Xalq xalqa qovuşdu, qardaş qardaşa.

 

31-Dekabr-sevinc payından

Bizim də süfrəyə tökülən gündür.

31 Dekabr-Arazboyundan

Sərhəd dirəkləri sökülən gündür.

Oxşar şeirlər