Ağlama.

Ay ana, gedirəm, vətən çağırır,

Dönməsəm, yoluma çıxıb, a ğlama !

Mətin ol, kövrəlmə, atam duymasın,

Atamın dünyasın yıxıb, ağlama !


Qoyma gözlərindən kədər oxuna !

Həsrəti buraxma gəlsin yaxına !

Gecənin birində girsəm yuxuna,

Bir kimsə bilməsin, qalxıb ağlama!


Onlardı aşkarım, sirrim də mənim!

Onlardı pələngim, şirim də mənim!

Qoşa qardaşım var yerimdə mənim,

Dolub, şimşək kimi çaxıb, ağlama!


Fələk bimürvətdi, zaman vəfasız !

Dörd divar içində qalanda yalqız,

Düşəndə yadına sevdiyim o qız,

Məktubun qoynuna sıxıb,ağlama !


İnsan gedərgidi, ömrü də yalan !

Nə qədər ana var, ürəyi talan !

Məktəb illərindən yadigar qalan,

Şəklimi sinənə taxıb, ağlama !


İqbalam, üfüqdən günəş çıxanda,

Şəhidlərin qanı sel tək axanda,

Vurulsam, zirvəyə bayraq taxanda,

Qanlı köynəyimə baxıb, ağlama !

 

Oxşar şeirlər