Bir qara sevdaya
tutulan gündən,
Kərəmi qınamıram!
Keşişi yaxşı tanıyırdı deyə,
Ərzurumun gədiyindən
qayıtmaq istəyən
Lələni qınamıram!
Yerdəkilərin ahını
göylərə çatdırdığı üçün,
neyin səsində olan
naləni qınamıram!
Hiylə, kələk bilmədiyindən
canavarın düşdüyü,
tələni qınamıram!
Bəsirət gözü
bağlı olduğuna görə,
başdan - başa günah
İçində qaldığına görə,
zalımın məzluma verdiyi
sələmi qınamıram!
Dağların göz yaşlarını
dənizə daşıyır,
Aşıb-daşanda,
dərəni qınamıram!
Varlının toruna düşüb,
kasıbın qarmağına
gəlməyəndə,
nərəni qınamıram!
Ürəyimin saflığındandı,
dostumla düşmənimi
yaxşı tanımıram.
Mənə naxələflik eləyəndə
"yanımı", "yörəmi" qınamıram!
Qınamıram!
Qınamıram!