Sizə qızıl saydıra bilmədim.
Heç qızıl üzük də geydirə bilmədim.
Qəpik-quruş saydınız.
Xırda-xuruş saydınız.
Nə kabinet açarınız oldu,
Nə maşın açarınız.
Qəm sızan sözlərimi
Varağa köçürdünüz.
Elə qəm daşıdınız,
Qəmdən od götürdünüz.
Barmaqlarım !
Yanınızda xəcalətəm !
Sizləri də heç avtomobilə
Mindirə bilmədim.
Nə də bahalı
Ayaqqabı alıb,
Geyindirə bilmədim.
Elə əllərim kimi
Siz kasıb yaşadınız.
Mənim ağır yükümü
İllərlə daşıdınız.
Yollarda yordum sizi.
Neçə dəfə büdrətdim,
Daşlara vurdum sizi.
Ayaqlarım !
Yanınızda xəcalətəm !
Bəyənib, sevdiyim qız
Yük oldu, sıxdı səni.
Öz qanına bələdi,
Daşlara çaxdı səni.
Sonra,sonra,sonra da
Taleyin ümidinə-
Yetim buraxdı səni.
Ürəyim !
Yanında xəcalətəm !
Heç səni sındırmadım.
Heç səni yandırmadım.
Bir an belə əymədim.
Sığalladım başını,
Körpə övladım kimi,
Xətirinə dəymədim.
Səni təmiz saxladım.
Sevdim,əziz saxladım.
Səni heç itirmədim,
Adına, ünvanına
Ləkə də gətirmədim.
Hiylə, kələk bilmədin.
Nədir pislik bilmədin.
Yamanların önündə
Mən səni susdurmadım.
Şəstinə toxunmadım.
İncidib, küsdürmədim.
Mən hayanda oldumsa,
Sən də orda var oldun.
Qovdum qarı, boranı
Sənə yaxın düşmədi.
Gül açan bahar oldun.
Vicdanım !
Bir sənin yanında
Xəcalətli deyiləm !!!