Qan tökülən torpaqdan qəhramanlar boy atar!
Yurdumun qan kəfənli balasısan,şəhidim !
Uğrunda şəhid oldun, amma torpaq vermədin!
Torpağımın alınmaz qalasısan, şəhidim!
Qurban getdin vətənə sən ruhunla,canınla!
Boyadın bayrağımı tökülən al qanınla!
Yüksəldin səmalara şöhrətinlə, şanınla!
Sən vətən göylərinin hilalısan, şəhidim!
Qələbə toxumundan zəfərlər göyərəcək!
Neçə-neçə Nadirlər, Həsənlər göyərəcək!
Rafiqlər, Elçinlər, Əsgərlər göyərəcək!
Ana yurdun solmayan baharısan, şəhidim!
Yada boyun əymədin,qalxıb cihad eylədin!
Geri addım atmadın,dözdün,inad eylədin!
Neçə kəndi, şəhəri aldın, azad eylədin!
Ədalətin carçısı,Bilalısan, şəhidim!
Neçə ki, canımız var, neçə ki gəlir nəfəs!
Çıxmaz yaddaşımızdan tarixlərdən gələn səs!
Müqəddəslər yanında müqəddəssən, müqəddəs!
Cənnətə müjdəlisən,dualısan, şəhidim!