Barmağı tətikdə,
gözü düşmən səngərində
olan əsgərlərin çiynindəsən,
Ay vətən !
Qızmar günəş altında
tarlalarda kətmən vuran
qızların,gəlinlərin çiynindəsən,
Ay vətən !
Pambıq yığan,
dən üyüdən,
səndən ötrü
genişsinə,
enlikürək
oğul böyüdən,
əliqabarlı nənələrin,
belidonqarlı dədələrin çiynindəsən,
Ay vətən !
Çantaları özlərindən ağır,
səhər-səhər
məktəbə tələsən körpələrin,
Ömrünü şam edən müəllimlərin,
Yol salan,
buruq vuran
fəhlələrin çiynindəsən,
Ay vətən !
Sənə atılan güllələrə
sinə gərən,
Səndə gözü olanlara
göz dağı verən
qazilərin çiynindəsən,
Ay vətən !
Şah İsmayılların,
Heydərlərin,
Poladların,
Mübarizlərin,
Şəhriyarların,
Bəxtiyarların,
Üzeyirlərin,
Həzilərin,
Səndən ötrü ürəyi döyünən
daha kimlərin ,
kimlərin çiynindəsən,
Ay vətən !
Səni çiynində saxlayanlar
səndən ötrü canından,
qanından keçər,
Şəhid olar,
torpağının qoynuna köçər,
Amma səni yıxılmağa
qoymaz Vətən !!
Qorxma !!
Ürəyini buz kimi saxla, Vətən !