Doğma kəndimə.

Bir ayrı dünyasan dünyam içində,

Sanki öz oxun var, öz məhvərin var.

Bir ayrı ölkəsən, ölkəm içində,

Ata evim boyda baş şəhərin var.


Dağların qoynunda yatan pərisən,

Tanrı qələm çalıb qüdrətdən sənə.

Baharda geyərsən əlvan donunu,

Qışda bürünərsən dumana, çənə.


Yenə diş göynədir buz bulaqların.

Yalçın qayaların verib baş-başa.

Bir gün görəcəksən oğlun qayıdıb,

Oyuqdan hüsnünə edir tamaşa.


Balaca deyilsən ,böyüksən,böyük,

Nə Paris, nə London gəlməz eynimə.

Yüz Vaşinqton ola, yüz Dubay ola,

Versələr almaram sənin yerinə.


Sənin göylərində zəfər bayrağı,

Daim dalğalansın, enməsin bir də!

Qayıtsın yurduna elin, ulusun,

Yanan ocaqların sönməsin bir də.!

 

Oxşar şeirlər