O gözlər.

Əsirgəmə məndən, baxım doyunca,

Nə vaxtdan həsrətəm baxışlarına!

Gül ki,gözlərindən sevinc tökülsün,

Ağlasan dözmərəm göz yaşlarına!


O gözlər qəlbimin təsəllisidir,

Hər an sığınmışam mərhəmətinə!

O gözlər xoşbəxtlik nişanəsidir,

Ümid bağlamışam səadətinə!


O gözlər bir coşğun dəniz kimidir.

O qədər itmişəm göy sularında.

Atsa da sahilə dalğalar məni,

Dərinliklər qalıb xəyallarımda.


Bəzən də ən qəddar düşmənim olub,

Saplanıb sinəmə bir bıçaq kimi.

Gecədən sübhədək ağladıb məni,

Anasından ayrı bir uşaq kimi.


Ömrüm bir əriyən şama bənzəyir,

O gözlər bu şamın pərvanəsidir!

Sənin gözlərinə doyunca baxmaq,

Mənim saf eşqimin təntənəsidir!

Oxşar şeirlər