Yarım saat Bakı bulvarında.

Bu şəhərin başqa bənzəri yoxdu!

Bu şəhərdə başqa bənzərin yoxdu!

Keçib bu şəhərin küçələrindən

Yan alıram o sahilə.


Bu sahildən o sahilə

Qağayılar yenə uçur.

Səkilərdə sarı xəzəl,

Külək qovur,

Xəzəl qaçır.


Elə bil ki, sevgisindən

Bir yaralı gözəl qaçır.

Sahil sakit.

Nə gələn var,

Nə də gedən.


Nə soran var

Səni məndən.

İllər axıb bir su kimi.

İllər ötüb yuxu kimi.


İndi artıq bu şəhərdə

O dostlardan qalan yoxdu.

Əsmər yoxdu, Nərgiz yoxdu,

Bir də, bir də filan yoxdu,

O zəhərli ilan yoxdu!


Sahil sakit.

Qayalara hey çırpılan

Ləpələrin pıçıltısın anlayıram!

Ləpələrə getmə deyən

Qayaların hıçqırtısın anlayıram!


Bir vaxt məni duymadığın

O sahildə

Özgələrə gücüm çatmır,

Mən, özümü danlayıram!

Mən, özümü danlayıram!

 

Oxşar şeirlər