Siz ey mərhəmətli, əziz həkimlər!
Siz ey təravətli, təmiz həkimlər!
Mənə bir məhəbbət vaksini vurun,
Bəlkə əlli yaşda havalanmayım!
Mənə bir məhəbbət vaksini vurun!
O qanlı küçədə
Qanlı baxışdan,
Lap elə nəfəsli,
Canlı baxışdan
Bəlkə əlli yaşda yaralanmayım!
Mənə bir məhəbbət vaksini vurun!
Birazda dincəlsin sinəmdə ürək!
Ömrümdə bir dəfə sözümə baxsın!
Mənə çay gətirən,
Çörək gətirən,
O nazlı, ədalı,
Bir az da incik
Mehriban qadınım,
Həlim qadınım
Daha hərarətlə üzümə baxsın!
Mənə bir məhəbbət vaksini vurun!
Qayıdım özümə,
Özümü tapım.
Bir baxım sağımda, solumda kim var?!
Nə vaxt tərk elədi qarlı qış məni,
Nə vaxt qarşıladı məni ilk bahar!
Bir gün də qayıdım ana dağlara,
Udum havasından, içim suyundan.
Doyunca seyr edim göy yaylaqları,
Enim qayasından, keçim çayından.
Bir az mehr salım lal qayalara,
Yalçın qayalara, sal qayalara.
Xınalı daşlara yazım şeirimi.
Otuz il həsrətin, qəmin əlindən,
Gözləri yoluma dikilib qalan,
Batmış bulaqlara yazım şeirimi.
Mənə bir məhəbbət vaksini vurun!
Dəyişim yönünü zamanımın da,
Dəyişim adını ünvanımın da!
Bir az artıq sevim ana vətəni,
Bir az artıq sevim ataları da,
Bir az artıq sevim anaları da!
Lap dəlilər kimi,
Sərsəri kimi
Basım ürəyimə balaları da!
Mənə bir məhəbbət vaksini vurun!
İmmuntet yaransın sevməyə qarşı!
Bir az da sevilim,
Sevdiyim bəsdi.
Sevdiyim, həvəsdi!
Sevdiyim, bəsdi!
Bir az da oxşasın çiçəklər məni.
Bir az da axtarsın əhdə sadiqlər,
Bir az da axtarsın gerçəklər məni.
Mənə bir məhəbbət vaksini vurun!!