Taleyimin gülən vəqti Ay tutub Sövr bürcünü,
Zöhrə isə Hut bürcündən göstərir öz hüsnünü.
Günəş isə Keyvan ilə Şir bürcündə həmqətar,
Ağ rəng ilə qara rəngi birləşdirmiş ruzigar.
Dol bürcündə qərar tutmuş Ütarid ilə Bəhram,
Müştərisə Xərçəng bürcü içində tutmuş ehram.
Belə xoşbəxt dəqiqədə bitdi bu gözəl əsər,
Tamamladım bu dastanı əvvəldən sona qədər.
Yaxşı adam yaxşılıqdan əl çəkməz heç bir zaman,
Şəkər daim şirin olan, qızılgülsə ərğəvan.
Xeyirxahlıq bu aləmə pis əməllər gətirməz,
Dadlı xurma ağacları acı badam yetirməz.
Məsəl vardır: “Yaxşı adam daim yaxşılıq edər”,
Bacardıqca yaxşılıq et, sənə dəysə də zərər.
Gəl Əssardan saxla, dostum, bu sözləri yadigar,
Düşmənə də yaxşılıq et, olsun sənə minnətdar.