Ruhun o dağlarda tənha dolaşar,
Təbin qeyzə gəlib, həddini aşar,
Dastan ocağında pinəçi yaşar,
Zaman bizi çəkir bədə, Şəmşirim,
Ay Dədə Şəmşirim, Dədə Şəmşirim!
Qeyrəti mat qoydu tamahın gücü,
Bakirə ellərin pozuldu dəci.
Bəşərin alçağı, şərəfsiz, gici,
Gəlir türk elinə hədə, Şəmşirim,
Ay Dədə Şəmşirim, Dədə Şəmşirim!
Dağda nə çiçək var, nə çiçək dərən,
Qana bələnibdi yamacın, dərən,
Tutulub yolların, kəsilib bərən,
Zövqü oxşamayır, didə, Şəmşirim,
Ay Dədə Şəmşirim, Dədə Şəmşirim!
Ceyran bulağında ceyran girovdu,
Bu elin köksündə çağlayan hovdu,
Qılınclar işləmir, qınında sovdu,
Baxır qəşş eləyir gədə, Şəmşirim,
Ay Dədə Şəmşirim, Dədə Şəmşirim!
Talandı yurd-yuvan, odun da yandı,
Dünyam bu alovun odunda yandı,
Bir ah çək, nankoru odunda yandı,
Qoyma ellər əldən gedə, Şəmşirim,
Ay Dədə Şəmşirim, Dədə Şəmşirim!
Matəm içindədi, bənövşə, lalə,
Çaylar haray çəkir, bulaqlar nalə,
Qisas içimizdə pas atır hələ,
Dildə fəryad, canda zədə, Şəmşirim,
Ay Dədə Şəmşirim, Dədə Şəmşirim!