Arzulardım Türk ellərin dolaşım.

Arzulardım Türk ellərin dolaşım,

Xəbis iblis kəsdi sağım-solumu!

Dada yetdi dərdə çarə bulanım,

Tanrım açdı bu müqəddəs yolumu.

 

Kars həsrəti yaxdı məni karsıdı,

Kavuşduğum xəyal deyil, Karsıdı.

Zaman savaş, tufan, çovğun kar-sudu!

Yaradanım tar-mar etdi zalımı!

 

Kars kalası şahinlərin kalası,

Kəm baxanı bir qıy vurub çalası,

Tarixlərdə şan-şöhrətlə qalası,

Fatehlərin əbədiyyət qalımı!

Gəl sarmaşaq çölüm, düzüm ormanım,

Ayrılığa loğman, təbib dərmanım.

Duman olub Ağrı dağa dırmanım,

Bir sorum da gəlim-gedim olumu!

 

Kars kalası, gəl uymayaq şeytana,

Hiylə qurur, hər an çıxır meydana,

Tamahı yad insanlığa, vicdana,

Hey talayır yurd-yuvamı, malımı!

 

Fitnə-fəsad yaman düşdü araya,

Türk soyunu böldü parça-paraya.

“Birlik gərək!” çarə çəkə, araya,

Siyasətdə zər gətirə xalımı!

 

 

Qucaq açaq Türkmən, Qazax, Özbəyə,

Tatar, Qırğız, Uyğur nicat gözləyə,

Ulu Tanrım uğur verə, çöz deyə,

Haqq işində birləşdirə qolumu!

 

Sarı iblis fitnəkarı tovladı,

Kor aləti işə saldı sovladı.

Qarabağın yaraları hovladı

Səndən özgə bir duyan yox halımı.

 

Sən şahidsən, nələr çəkdik ulu Kars,

Gah Avropa, gah da rus, gah da fars.

Ermənidən şər gözləsən, dost olmaz,

Tənbeh edək yanlışımı-kalımı!

 

Qanad açdı Sultanların arzusu,

Pak amalı arzu həyat, arzu su,

Haqdan gəlir xoşməramlı urzusu

Məkrlilər doğru yolu bulumu?

 

Türk elləri-ər oylağı, ər doğar,

Ər doğara qadir deyil hər doğar,

Fateh doğar, dahi doğar, ər doğar,

Türk dünyası bu qüdrətdən xalımı?

 

Turan, Turqut, Osman abi, həmdərdik,

Yüzillərdi qəm becərdik, qəm dərdik.

“Qırx qazanın mayası”na yer verdik.

Yurda dönüş, zəfər marşı çalımı?

 

 

 

Oxşar şeirlər