Qayaların şəhid qanı qoxuyur,
Başın üstə ildırımlar çaxıyır.
Qarabağın “Şəbi-Hicran” oxuyur.
Bu məkirli siyasətə uyma gəl,
Oğul məni yad əllərdə qoyma gəl!
Təkrarlanır hər əllidə, yüzdə bir,
Unutma gəl, tarixini izlə bir.
Hiylə yağır hər sifətdə, üzdə bir.
Bu məkirli siyasətə uyma gəl,
Oğul, məni yad əllərdə qoyma gəl!
Lənət olsun məni yarı bölənə,
Peşkeş oldum süləngiyə, sülənə.
Tikəni ver, tikə qədri bilənə.
Bu məkirli siyasətə uyma gəl,
Oğul məni yad əllərdə qoyma gəl!
Abidələr yox edilib yıxılır,
Ormanların yandırılır, yaxılır.
Kəlbəcərin, Laçın, Şuşan, yox olur.
Bu məkirli siyasətə uyma gəl.
Oğul məni yad əllərdə qoyma gəl!
Qubadlı, Zəngilan, Cəbrayıl darda,
Ağdam, Fizulinin gözləri yolda.
Xocalı qisasın gözləyir orda.
Bu məkirli siyasətə uyma gəl,
Oğul, məni yad əllərdə qoyma gəl!
Dəllal bazarında hərracda ellər,
Bilməm satan kimlər, alanlar kimlər.
Haqq işə göz yumur satqın hakimlər.
Bu məkirli siyasətə uyma gəl,
Oğul, məni yad əllərdə qoyma gəl!
Dərələr hüzünlü, dağlarda qübar,
Bulaqlar yas tutub, susub kaman, tar.
Yaylaqlar saz, sözsüz, sönük intizar.
Bu məkirli siyasətə uyma gəl,
Oğul, məni yad əllərdə qoyma gəl.
Yollar qəribsəyib, el dağa köçüb,
Aranlı övladın dağ suyu içmir.
Vətən öz haqqını sizlərə keçmir.
Bu məkirli siyasətə uyma gəl,
Oğul, məni yad əllərdə qoyma gəl.
Qərbi bəxşiş aldı, bəs deyil məgər?
İlbəil sərhəddin irəli çəkər.
Tanrı bəd niyyətin üstə od tökər.
Bu məkirli siyasətə uyma gəl,
Oğul məni yad əllərdə qoyma gəl.
Ədalət xəyalda, el-oba huşda,
ATƏT siyasətdə, köçkün təlaşda.
Terrorçu, işğalçı qınanmır suçda.
Bu məkirli siyasətə uyma gəl,
Oğul, məni yad əllərdə qoyma gəl.
Qələbə müjdəsi verdi Mübariz,
Ordumuzda, təlatümlü bir dəniz.
Şığısın mərmimiz, yağsın gülləmiz.
Bu məkirli siyasətə uyma gəl,
Oğul, məni yad əllərdə qoyma gəl.
Eyvaz Tanrım hifz eyləsin hər düzü,
Aydınlıqdır hər gecənin gündüzü.
Qadir ordun, ağlar qoyar bəd gözü.
Bu məkirli siyasətə uyma gəl,
Oğul, məni yad əllərdə qoyma gəl.