Atəşdən, alovdan tutulmuş mayam,
Qəzəbdə dənizəm, daşqında çayam,
Hazıram yolunda canımı qoyam,
Babək, Koroğluyam, nər oğlu nərəm,
Vətən keşiyində igid əsgərəm.
Qürurda dağınam, sərtlikdə qayan,
Qartalam, səmana, zirvənə həyan.
Yağının, namərdin bağrını oyan,
Gərilmiş yay-oxam, nizə, şeşpərəm,
Vətən keşiyində igid əsgərəm.
Qılıncım şimşəkdir, qalxanım göylər,
Haqq məni coşdurar, haqq məni əylər.
Xudam uğuruma zəfərlər söylər,
Qeyrətəm, cürətəm, canlı sipərəm,
Vətən keşiyində igid əsgərəm.
Haqqın dərgahından güc alıb zərbəm,
Barışla barışam, hərblə hərbəm.
Qalibəm hər zaman, cəsuram hərdən,
Uyğur-qazax, özbək, türkmənəm, ərəm,
Vətən keşiyində igid əsgərəm.