Qarabağım!

Öz anamsan, öz dünyamsan,

Can yanğısı, köz dünyamsan,

Könül dünyam, göz dünyamsan,

Taleyini ara, bağım,

Qarabağım, Qarabağım!


Sən gözəllik aynasısan,

Əcdadımın binasısan,

Təbiətin hanasısan,

Yadlar yetdi, bara bağım,

Qarabağım, Qarabağım!


Başın üstə od ələnir,

Qəlbdə qisas silələnir,

Cənnətim qana bələnir,

Nə günahın var, a bağım,

Qarabağım, Qarabağım!

Tarix yaşar hər izində,

Möcüzəsən Yer üzündə,

İntizarda Təbrizin də,

Dərdə arar çara bağım,

Qarabağım, Qarabağım!


Dağların tək dağ görmüsən,

İçin-için hönkürmüsən,

Siyasətdə bər zərmisən,

Atılırsan hara bağım,

Qarabağım, Qarabağım!

 

 

Şəhid ruhu alovlanar,

Fəryad çəkib bizi qınar,

İnam itər, qürur sınar,

Sağalmasa yara bağım,

Qarabağım, Qarabağım!


Şikəstənin havasından,

Könlüm qopar yuvasından,

Cabbar, Seyid nəvasından

Nalə köçüb tara, bağım,

Qarabağım, Qarabağım!


Qayğı görməz qayğılısan,

Həssas qəlbli, duyğulusan,

Qartal kimi sayğılısan,

Yenilməzsən sara, bağım,

Qarabağım, Qarabağım!


Leysan yağış qövsi-qüzeh,

Sonra sakit əsəndə meh,

Başına nur səpəndə şeh,

Tellərini dara, bağım,

Qarabağım, Qarabağım!


Eyvaz deyər: pis gün keçər,

Acı günlər kəskin keçər,

İgidlərin olar sipər,

Bir gün gələr kara, bağım,

Qarabağım, Qarabağım!

Oxşar şeirlər