Kin-küdrətin bir yay kimi gərilsin,
Aslan təki düşmən üstə sərilsin,
Gur alov saç öləzimiş ocağa,
Vətən oğlu, ayağa qalx, ayağa!
Ərlər gərək elin ağır günündə
Şimşək kimi çaxsın düşmən önündə.
Zəfər gətir harayında, ünündə,
Qanı olan tab gətirməz bu dağa,
Vətən oğlu, ayağa qalx, ayağa!
Üç yandandır bu sövdələr, qurmalar,
Tədbir töküb hərə bir pay qarmalar.
Sənsiz keçir bu sorğular, sormalar,
Gəl atılma hey qucaqdan-qucağa,
Vətən oğlu, ayağa qalx, ayağa!
Ətalətdən yaxa qurtar, susma, din,
Təhqirdədir şan-şöhrətin, ismətin.
Qaçqınlıqmı, söylə: tale-qismətin?
Dağ çayı tək kükrə, sığma yatağa,
Vətən oğlu, ayağa qalx, ayağa!
Qollarını yad çiyninə aşırma,
Mənbəyini, mənsəbini çaşırma.
Daş başlara ildırım ol, daş vurma,
Nərən düşsün o dərəyə, o dağa,
Vətən oğlu, ayağa qalx, ayağa!
Kimsə yetmir imdadına, hayına,
Neçə yandan cəlb olursan oyuna,
Xilaf çıxma öz kökünə, soyuna,
Zaman-zaman yurddan düşmə irağa,
Vətən oğlu, ayağa qalx, ayağa!
Əsarətdə Pənah xanın Şişəsi,
Girov düşüb Soltan bəyin nəvəsi.
Qarabağda havalanmır Xan səsi,
Yurdun həsrət bir közərən çırağa,
Vətən oğlu, ayağa qalx, ayağa!
Bu nə töhmət, bu nə ovsun, nə sirdi,
Öz övladın öz evində əsirdi.
Bu mənliyə, kişiliyə kəsirdi,
Kəməri tax, gilizi yığ darağa,
Vətən oğlu, ayağa qalx, ayağa!
Cövlan eylə torpağında, səmanda,
Qoy diz çöksün ikiüzlü də, yaman da.
Bayrağını bəd gözə tax son anda,
Qələbə yaz sən bu ilə, bu çağa,
Vətən oğlu, ayağa qalx, ayağa!