Bayatılar.

Düşəndə nəm,

Torpağa düşəndə nəm.

Cənnətdən sürgün olub

Torpğa düşən dənəm.

 

Oda mən də,

Qaynağam oda, mən də.

Tükənməz atəş gəzmə,

Zərrəyəm, o da mən də.

 

Döngələr,

Sarsıntılar, döngələr,

Qaçma tamah dalınca

Yaradana dön, gələr.

 

Qərib anam,

Qərib gün, qərib anam,

Məzarda yol gözləyir

Yurdunda qərib anam.

 

Çəkilib ağlar üzə,

Qaralar, ağlar üzə.

Qarabağ açıb qolun,

Hönkürüb ağlar üzə.


Vətən qıyma, qıymadı,

Ha yatdın, göz doymadı.

Sən Vətənə qəsd etdin,

Ahım sənə qıymadı.

Ana sızlar,

Anılmaz anasızlar.

Viranə yurd içində

Kimsəsiz ana sızlar.

İçimdə dərd,

Yeyim də, içim də dərd.

Dumanlı bir zirvəyəm,

Görünməz içimdə dərd.

 

 


Ürək dilim-dilimdi,

Bu nə sitəm, zülümdü?

Yuvasız sərgərdana,

Yaşamaq da ölümdü.


Yandırma

Yananları yandırma.

Torpağın od içində,

Daldalanıb, yan durma.

Yasımdı,

Yenilmək də yasımdı.

Töhmətdəsə bir ömür,

Şad günüm də yasımdı.

* * *

Yaranışdan kal oldun,

Qırmanclandın, lal oldun.

Ağan arsız, sən fərsiz,

Öz evində qul oldun.


Təntiyə,

Səbr yaddır təntiyə.

Qeyrətsizlər anlamaz,

El tıncıxa, təntiyə.


Ay ağır,

Günlər acı, ay ağır.

Millət susqun, sən zalım,

Bu nə sitəm, a, yağır.

 


Nə lazım əldə yatır?

Bədən key, əl də yatır.

Qarabağda talandı,

Silahlar əldə yatır.


Suçumu,

Göz yanağa suçumu?

Yurdumu ağlar gördüm,

Oğlum bildim suçumu.


Gün düzər,

Anlar keçər, gün düzər.

Gecənin qəlbi qara,

Gündüz aydın, gündüz ər.


Südümə and içərdin,

Qurandan don biçərdin.

Əməlində qeyrətsiz,

Sözdə candan keçərdin.

 

 


Oxşar şeirlər