Meyl etmədim var-dövlətə, sərvətə,
Sandım ömür mərhəmətdi, yanımdı.
Bac vermədim ədalətə, qəflətə,
El yolunda güvəncim tək canımdı.
O zirvələr, o gədiklər, o dərə,
Möhtac qaldı od ürəkli od ərə.
Ar deyilmi, el barını o dərə,
Talanan yurd itirilən sanındı.
Kəm bəxtimiz mayalandı acıdan,
Budur məni ərşə çəkən, acıdan,
Dönməz bir də iblis, xəbis, ac udan,
Gedən sərvət axıdılan qanımdı.
Şübhə etmə İlahinin görkünə,
Göstərəcək tənbehi nə, görkü nə.
Nələr çəkib, kim qul olub gör kimə,
Son məqamda tanrısından can umdu.
Çox düşmüşəm bu bəlaya, dərdə mən,
Biz olmuşuq taleyindən dərd əmən.
Yurd həsrəti, bir qisasım, bir də mən,
Sevinməsin savaş bilib sonumdu.