Laçınım.

Uluların əbədiyyət binası,

Sevincimdi, bəhərimdi Laçınım.

Həsrətinə yanasıyam, yanası,

Göz yaşımdı, qəhərimdi Laçınım.

 

Vətən oğlu, özünə gəl, özünə,

Tətiyi çək yaramazın gözünə.

Qarabağım bir tükənməz xəzinə,

Zirvəsində gövhərimdi Laçınım.

 

Haraylara yetişməyir haraylar,

Həsrət odu ötüb keçən hər aylar.

Həkəri çay oğul deyib haraylar,

Şəkərimdi, zəhərimdi Laçınım.

 

Hər çiçəyi bir gözəlin yanağı,

Ləyaqəti əsrlərin sınağı.

Yetər artıq el töhməti, qınağı,

Xoş müjdəli səhərimdi Laçınım.

 

Qartalların bir şığıya zirvədən,

Şərəfsizlər tar-mar ola zərbədən,

Eyvaz deyər: mənə gəlsin hər zədən

Cəmi dərddən betərimdi Laçınım.

Oxşar şeirlər