Atəşdən, alovdan tutulmuş mayam,
Qəzəbdə dənizəm, daşqında çayam,
Hazıram yolunda canımı qoyam,
Babək, Koroğluyam, nər oğlu nərəm,
Vətən keşiyində igid əsgərəm.
Qürurda dağınam, sərtlikdə qayan,
Qartalam, səmana, zirvənə həyan,
Yağının, namərdin bağrını oyan,
Gərilmiş yay-oxam, nizə, şeşpərəm,
Vətən keşiyində igid əsgərəm.
Qılıncım şimşəkdir, qalxanım göylər,
Haqq məni coşdurar, haqq məni əylər.
Xudam uğruma zəfərlər söylər,
Qeyrətəm, cürətəm, canlı sipərəm.
Haqqın dərgahından güc alıb zərbəm,
Barışla basrışam, hərblə hərbəm,
Qalibəm hər zaman, cəsuram hərdən,
Uyğur-qazax, özbək türkmənəm, ərəm,
Vətən keşiyində igid əsgərəm.
Nizami, Füzuli, Xətai yurdu,
Daim coşan çaydı, səngiməz ardı.
Tanrıma, babama güvənir ordu,
Düşmənin bağrını çatlsadar nərəm,
Vətən keşiyində igid əsgərəm.
Xaqanlar xaqanı, Hun oğlu Hunam,
Tarixə şöhrətəm, tarixə şanam.
Bayrağım ay-ulduz, kainat anam,
Ədəbi yaşaram, sönməz hünərəm,
Vətən keşiyində igid əsgərəm.