Araz nisgili.

Axan Araz, insaf eylə, amandı,

De: Qurbani bənövşəsin dərdimi?

Bir anlığa ver bir mənə aman, dur,

Bir-bir deyim ellərə yay dərdimi.

Ürək açır hansı səmtim, ha yanım.

Kim duyacaq, ha qovrulum, ha yanım.

 

Gözləyirəm, yetişməyir hayanım,

Kəm bəxtimiz xal gətirməz zərdimi?

Məlhəm etməz, çarə çəkməz dərdə var,

El oduna qalanını dərd avar.

Üstümüzə daim çəkir dərd avar,

Sənə, mənə qənim ola birdimi?

 

Gəl düşünək, ey əbədi “çağlarım”,

Harda qaldı çal-çağırlı çağlarım?

Hay-haray sal, daha gözəl çağlar um,

Ana torpaq azad nəfəs dərdimi?

Başa bəla dövlətimdi, barımdı,

Yadlar yedi, əhdə çatdı, barındı.

Sənə qalan bir tikanlı barımdı,

Dünya bilən bu həqiqət sirdimi?

 

Eyvaz deyər: qəlbdə həsrət gözdə nəm,

İstəmirəm nəzərlənəm, gözdənəm.

Yad əllərdə əsir olub, “göz dənəm”,

Vətən nədir, pay-püş olan yerdimi?

 

Oxşar şeirlər