Çağla, sən əbədi çağla, Həkərim,
Ey ürək simsarım, ey qəm çəkərim,
Demirəm, hönkürüb ağla, Həkərim,
Şərik ol dərdimə, döz, salamat qal.
Ömür insan üçün ötəri paymış,
Əzəli sevincmiş, axırı vaymış,
Torpağın altında əbədi uymuş,
Yol - izdən kəsilsin göz, salamat qal.
Zirvənə can atdıq ha, Sarı baba,
Çəkdin duman-çəndən hasarı, baba,
Dövran ha qırmızı, ha sarı, baba,
Qəfil gedər olsaq biz, salamat qal.
Dostlar gəlişinə tonqal çatan dost,
Lalənin tacında badə tutan dost,
Ürəyə sığınıb, qəlbə yatan dost,
Yaşa o dağlarda yüz, salamat qal.
Kirs dağı, qayalar igid ərindir,
Hanı Koroğlu tək igid, ər indi,
Qırxqız görüşünə çoxu ərindi,
Yaşat gözəllikdən iz, salamat qal.
Ey dağlar ahusu, silkindin şehdə,
Oxşadı saçını çiçək də, meh də,
Qəlbimi sevdaya aldın da, beh də,
Oxşa, salamat qal, üz, salamat qal.
Sevdiyim zirvədi, gədikdi, dikdi,
Təbiət könlümü özünə çəkdi,
Ayrılıq dumantək ömrümə çökdü,
Dərə, salamat qal, gəz, salamat qal.