Səba, məndən söylə o gülüzarə

Səba, məndən söylə o gülüzarə

Bülbül gülüstana gəlsin, gəlməsin?

Bu hicran düşgünü, illər xəstəsi

Qapına dərmana gəlsin, gəlməsin?

Mən qurbanı olum ənbər tellərin,

Qönçə dodaqların, tuti dillərin,

O lalə rüxsarın, müşkin xalların

Oduna pərvanə gəlsin, gəlməsin?

Gözüm çox həsrətdir xumar gözünə,

Günəş camalına, şəkər sözünə,

Utanıram, necə deyim üzünə,

Dərdin xəstə cana gəlsin, gəlməsin?

Nəbati istəməz sənsiz dünyanı,

İzzəti, hörməti, şövkəti, şanı,

Bir zada qalmayıb dəxi gümanı,

Bu baş o meydanə gəlsin, gəlməsin?

 

Oxşar şeirlər