Qum saatı.

Dənələr axaraq zamanı ölçdü,

Qum seli ömürdən keçən bir köçdü,

Bir an bir dənədi, bəlkə də üçdü,

Axaraq aparır günü, saatı,

Səssizcə işləyir bir qum saatı.

 

Ömrə vida edər, axar qum seli,

Ölçülən ömürdür, dönməz ki, geri,

Milyon qum dənəsi dəyişər yeri,

Bir ömrə oxunan həzin bayatı,

Səssizcə işləyir bir qum saatı.

 

İllərin ardından baxan gözümdü,

Neçə arzu, istək qəlbə gömüldü,

Zamanın tufanı yıxdı, sümürdü,

Silərək yox etdi, neçə min adı,

Səssizcə işləyir bir qum saatı.

 

Hər insan bir zərrə, bəlkə bir dənə,

Saat boğazından keçər min kərə,

İllərlə yol gedər, yorulmaz yenə,

Zaman yollarında çapdırar atı,

Səssizcə işləyir bir qum saatı.                                

Oxşar şeirlər