Günəşlə söhbət.

Günəşi topladım dəniz üstündən,

Zərrin şəfəqlərin saçıma səpdim.

Bir ovuc su alıb mavi dənizdən,

Dənizə qarışmış Günəşi öpdüm.

 

Dedim: şəfəqindən mənə də pay ver,

İşığa qərq edim mən öz dünyamı.

Qələmim sevinclə, nəşəylə yazsın,

Kədərdən qurtarım mən söz dünyamı.

 

Bu küskün ruhuma, yorğun qəlbimə,

Sənin hərarətin bir məlhəm olsun.

Milyon il yol gələn zər şəfəqlərin,

Axaraq həzincə ruhuma dolsun.

 

Baxdım ki, dəniz də gülümsəyərək,

Deyir: bir ovuc da daha al məndən.

Səntək şair ruhlu qəlbi olana,

İlham pərisini verim dənizdən.

 

Günəşim, dənizim nə gözəlsiniz,

Qəlbimə, ruhuma ümid səpdiniz!

Şad oldu sizinlə qəlbimin evi,

Dostluqda mənimçün bənzərsizsiniz.

 

 

 

 

 

 

 

 

Oxşar şeirlər