Qurtarmadı torpağında qan-qada,
Gözəl yurdum şirin gəldi hey yada,
Torpaqların qəsb edildi min adla,
Azərbaycan, mənim dərdli anam oy.
Zaman keçdi, sağalmadı yaran oy.
Övladların pərən-pərən dünyada,
Almazlar, Cavidlər getdilər bada,
Elazığdan, Sibirdən gəldi səda,
Qəriblikdə məzarları qalan oy.
Zaman keçdi, sağalmadı yaran oy.
Məmməd Əmin, məzarı bizdən uzaq,
Hər fikrin, hər sözün yaddaşa yazaq,
Bir dəfə yüksəltdi, enmədi bayraq,
Millət, dövlət, vətən üçün yanan oy.
Zaman keçdi, sağalmadı yaran oy.
Gəl ey vətən, səni basım bağrıma,
Sözümlə mən məlhəm olum ağrına,
Canım fəda vətən, millət uğruna,
Düşündükcə qəlbim olur viran oy.
Zaman keçdi, sağalmadı yaran oy.