Yenə qəlbimdə payızdı,
Külək xəzanın sovurur.
Yarpaqlar söz-söz tökülür,
Yağış döyür, tufan vurur.
Saralmış ota bənzəyir,
Düşüncəmin xəyal teli.
Axır keçir arasından,
Axın-axın fikir seli.
Dumantək göyə yüksəlir,
Fikirlərim pərən-pərən.
Pəmbə buludlar içində,
Misra-misra şeirə dönəm
Ruhum da şeir qoxuyur,
Ətri payız nəfəsidir.
Payız yaşımın şeiri,
Bilməm nəyin həvəsidir?
Tərk edib getmək istəyir,
Ruhum bu payız ömrünü.
Göyə köçürmək istəyir,
Özümə sığmaz sözümü.
Ömrümə yağan yağışsa,
Yenə məni yerə çəkir.
Payıza dönmüş ömrümü
Damla-damla yerə səpir.