Zaman ixtiyarımı alıb, apardı məndən,
Ömürdən gör neçə gün çalıb, apardı məndən,
Hələ neçə doğmamı, zorla qopardı məndən,
Qarşısında acizəm, “zaman, dur!” deyəmmədim,
Məndən keçən yolunun səmtini əyəmmədim.
Ha istədim saxlayam saat kəfkirlərini,
Durmadan keçən ömrə saldı çətirlərini,
Tale adlı kitabın, yazdı sətirlərini,
Qarşısında acizəm, “zaman, dur!” deyəmmədim,
Məndən keçən yolunun səmtini əyəmmədim.
Sonsuz zaman yolunda ömür yolu çox qısa,
Ömrün baharı keçir, zamanla dönür qışa,
Sevinc ilə kədəri addımlayır hey qoşa,
Qarşısında acizəm, “zaman, dur!” deyəmmədim,
Məndən keçən yolunun səmtini əyəmmədim.
Bəzən tufan qopardı, sovurdu həyatımı,
Bəzən yanar köz kimi qovurdu həyatımı,
Bəzən susuz səhraya çevirdi həyatımı,
Qarşısında acizəm, “zaman, dur!” deyəmmədim,
Məndən keçən yolunun səmtini əyəmmədim.