Qadın.

 

De, necə çıxacam borcundan sənin 

Məni, bu dünyaya bağlayan qadın. 

Məni əzizləyən, məni oxşayan 

Məni, sağlığımda ağlayan qadın!

 

Təzədən yaradıb, təzədən quran

Yığıb, toparlayan qırıqlarımı. 

Təzədən min ilmə, min naxış vuran

 Sırıyan, təzədən sırıqlarımı.

 

 Ömrümü qumaşa, ala bələyən

 Alnı açıq, üzü ağ olan qadın. 

 Öpüb dərdlərimi, dərdi eləyən

 Arxamda vüqarlı dağ olan qadın!

 

 Deməyə, yazmağa söz tapammıram 

 Nə deyim, nə yazım xoşuna gəlsin?!

 Doğru seçəmmirəm, düz tapammıram

 Nə etdin; razısan, başına gəlsin?!

 

 Dözmüsən, dözürsən,  neynək, həyatdı

 Nolar bir azca da döz, dirən qadın!

 Çox sağ ol, təşəkkür, yerim rahatdı 

 Məni, ürəyində gəzdirən qadın!

                    

 

Mən səni sevmədim, elə

Mən səni yaşadım, qadın!

Evdaşım, candaşım, ruhum,

Ekizim, yaşıdım   qadın!

 

Yatdım yuxuda  hər gecə

Oyandım, hər səhər səni.

Dalan - dalan, kücə - kücə

Dolandım, bu şəhər səni.

 

 Aldım, verdim nəfəs kimi

 Varım oldun, yoxum oldun.

 Hər gün İlahi səs kimi,

 Sən hər şeydən yaxın oldun.

 

 Su kimi içdim, barındım

 Ayağın, əlin,  gözünəm.

 Kim deyir sənin yarındım,

 Mən elə sənin özünəm!

 

 Nə ah çək, nə də ki, eh de

 Alnıma yazılıb adın!

  Nə karədi,  Zöhrab Mehdi

  Mən səni öləcəm, qadın!

Oxşar şeirlər