Genə Leyli, Leyli çıxmış seyranə,
Aşiqin axtarır dilində Məcnun.
Yanında bir neçə işvəli qızlar,
Gəzir çöldən-çölə, hamun bəhamun.
Hər zaman oturur bir bulaq üstə,
Qabağında şərab, məzəsi püstə,
Gül tək əldə tutub, göz dikib dosta,
Günüzlü badədən sağəri-məşhun.
Dərər, dəstə bağlar yaxşı gülləri,
Dodaq altdan gülər şirin dilləri,
Əfşan eylər hərdəm üzə telləri,
Heyran-heyran baxar didəsi pürxun.
Gahi rəqsə gəlib oynar məstanə,
Gahi cuşə gəlib olur divanə,
Gahi bülbül kimi gəlir əfğanə,
Ağlar, ağlar, oxur əbyati-mövzun.
Nəbati, əbsəm ol, sığın mövlayə,
Qul olub əbəsə düşmə səhrayə,
Qəvvas tək qutə vur bir bu dəryayə,
Cəhd qıl tapasan bir dürri-məknun.