Verin, bir sızqa yağışa
Dağa - daşa yağsın məni.
Deyin, bir həsrət baxışa
Bu yollardan yığsın məni!
Açsın ağzımı - bir böcək,
Bir qurd ulasın- səsimi.
Qayada bitən bir çiçək
Alsın, versin - nəfəsimi!
Bir bulaq durulub, axsın.
...Bir ağac göyərsin, məni.
Bir turac qanrılıb, baxsın.
Uçsun bir göyərçin, məni!
“Qudursun” - dəli bir külək,
Üzümü - bir İŞIQ gülsün.
Qocalsın - göydə bir mələk,
Dəryada - bir balıq ölsün!
...Bilirdim ta, əzəl gündən
Bu iş atam, olmayacaq.
Əlinizi üzün məndən,
Vallah adam olmayacaq!