Ağlım kəsdiyi gündən,
Bu işdən ağlım kəsmir.
Hamı tələsir elə...
Bax, heç kim də tələsmir!
Bu dəyirman kimindi,
Hər nə gəldi üyüdür.
Hamı - hamıdan qaçır,
Hamı - hamını güdür!
Heç kim yerində deyil,
Hamı öz yerindədi.
Əyri oturub hamı
Guya, düz yerindədi!
Hamı - qulun “Allahı”,
Hamı - Allahın qulu.
Hamının yolu ayrı,
Birdi hamının yolu!
Hamı fərqlidi, amma,
Hamı da - bir boydadı.
Bax, orda nə görürsən?
Hamı - qəbir boydadı!