Min ildi, qapın döyülür...
Min ildi, uzanır gecə.
Qəribsəyib bax, Göy çadır,
Altıma sərdiyim, “keçə!”
Yadımdadı... Yadımdadı,
Ötükendə “batdığın” gün.
Çəkilib Tanrı dağına,
Çəkilib də, yatdığın gün!
Dəstərxanımdı...Göy üzüm,
Duzum, çörəyim Yurd səsi.
Beşiyim, yorğanım - Ruhum.
Laylam, bayatım - Qurd səsi!
Günüm, ayım pərən - pərən
Yenə, başım dumandı, Oyy!
Niyə dağılmışam, niyə..?
Yığ, toparla amandı, Oyy!
Demirəm ki, “möcüzə” et...
Tövrat, İncil, Quran açıl...
Açıl, açıl ey, SƏHƏRİM -
Tanrı gözlüm - Turan, açıl..!