Məni kim görüb son kərə,
Sərxoş görüb, ayıq görüb?
Kim görüb kim axı, necə...
Yatmış görüb, oyaq görüb?
Üstüm-başım nə gündəymiş-
Üzüm, gözüm qubarıymış?
Əlim, qolum yerindəymiş -
Qoltuğumda nə varıymış?
Məni kim görüb kim, harda...
Dağda görüb, daşda görüb?
Ac qurd kimi bəlkə, orda...
Yal döşündə, Qaşda görüb?
Bəlkə, görüb bel götürüb -
Özümə qəbir qazanda?
Ya da, bir küncdə oturub -
Tanrıya məktub yazanda?
...Məni kim görüb son kərə,
Kim görüb atam, qardaşım?
Hər şey...hər şey cəhənnəmə,
Barı salamatmış, başım?!