Sən bir az fərqliydin, sən bir az fərqli
Yerişin, duruşun, boyun fərqliydi.
Sən bir az fərqliydin, bir az eyy... bir az
Baxışın, gülüşün, huyun fərqliydi.
Sən bir az fərqliydin, nə bilim, bəlkə
Tək mənim anlayıb, duyduğum qədər?!
Hamıdan, hər şeydən fərqli bir yerə -
Fərqli bir köşəyə qoyduğum qədər!
Sən bir az fərqliydin, bir az lap bir az
Demirəm təpədən – dırnağa, bütün...
Nə danım bir az da mən “fərqli” oldum
Fərqli olduğunu fərq etdiyim gün.
Sən bir az fərqliydin; bax, canım – gözüm,
... Görürsən, o bir az nə qan elədi ?!
Səni “Sultan”, məni - bu səltənətə,
Bu boyda taxt - taca “Xaqan” elədi!