Sevgi olmasa.

Sevinər göylərin ulduz gözləri,

Günəş də bir başqa sevdayla baxar.

Açıb öz yamyaşıl pəncərəsini,

Körpə pöhrələrdən boylanar bahar.

                       

Yaşıl bir örpəyə bürünər hər yan,

Könüllər təzədən həvəsə gələr.

Baxıb oğrun-oğrun tül pərdələrdən,

Quşların səsinə oyanar səhər.

                      

Qar kimi hərlənər ağ kəpənəklər,

Döşənər üstünə xalı düzlərin.

Özü də, sözü də çox zərif olar,

Sevgisi yamyaşıl olan qızların.

 

Qovub ətəyindən boz buludları,

Dağlar heyran qalar öz zirvəsinə.

Nəğməkar bülbüllər, bal arıları,

Qonar çiçəklərin təbəssümünə.

 

Arabir tutular üzü göylərin,

Günəş də  səninlə gizlənqaç oynar.

İlk bahar şəfəqi görən körpənin,

Yaşıl yuxusu da şipşirin olar...

                      

Könül nə istər ki, hər gün yaz olsa?

Sevgisiz min il də  bir günə dəyməz.

Deyirəm, qəlblərdə sevgi olmasa,

Bəlkə də dünyaya bahar da gəlməz.

 

Sevinər göylərin ulduz gözləri,

Günəş də bir başqa sevdayla baxar.

Açıb öz yamyaşıl pəncərəsini,

Körpə pöhrələrdən boylanar bahar.

 

Oxşar şeirlər