Gərək sevməyəydim səni bu qədər,
Bir az “unutmağa” güc saxlayaydım.
Ya sən ürəyimdə yuva quraydın,
Ya mənə qəlbində köz saxlayaydın.
Elə qorxa - qorxa keçdik ömürdən,
Dedik, “bəs el-oba nə deyər görən?”
İndi bu sevdanın qəmli səsinə,
Kimdi gözlərinin yaşını verən?...
Keçdi bu məhəbbət, geriyə dönməz
Nə vaxtsa təkliyə alışacağıq.
Elə ayrılırıq, eh, sözə gəlməz
Bir də hansı üzlə barışacağıq?
Daha itirməyə nə qaldı de, nə ?
Payız gəldi, xəzan oldu, yel aldı.
İkimizə bir sevgimiz var idi,
Rüzgar görüb, əlimizdən apardı....
Gərək sevməyəydim səni bu qədər,
Bir az “unutmağa” güc saxlayaydım.
Ya sən ürəyimdə yuva quraydın,
Ya mənə qəlbində köz saxlayaydın,
Ya mənə qəlbində köz saxlayaydın.