Sevincək getdilər elçilər sizdən
Görəsən halını bilən oldumu?
Dərdini kədərli təbəssümündən,
Duyub, heç səninlə bölən oldumu?
Sevincək getdilər elçilər sizdən,
“Qoşa qarıyasız!...” dedilər ancaq.
Ömründən - günündən yarımayanlar,
Sizə “yarıyasız!...” dedilər ancaq.
Yazıldı dəvətlər... Gəldi qonaqlar.
Bir baxıb görəydiz, qalan oldumu?
Bütün el-obanı “yada” saldılar,
Gör məni yadına salan oldumu?
Bir mağar içinə yığıldı hamı,
Sağlıqlar deyildi, kef eylədilər.
O gecə uşaqlıq arzularımı,
“Vağzalı” üstündə “dəfn” eylədilər.
Sən mənim necə də gərəyim idin?!
Qarşında şam tutdu neçə qız-gəlin.
Şam deyil, o mənim ürəyim idi,
Son dəfə yanırdı yolunda sənin.
Son dəfə yanırdı yolunda sənin...