Azərbaycan bayrağı.

Rənglərindən yoğrulub vətənimin köynəyi,

Yaşıl çölü, çəməni, göy səmanın örpəyi.

Qırmızı şəhid qanı, azadlığın mələyi,

Səni göyə ucaldan öpürəm tunc dayağı

Azərbaycan bayrağı!

 

Səmalardan Turanı süzür ulduzun, ayın,

Bütöv Azərbaycanın bu tayından, o tayın.

Borçalını, Şuşanı, Dərbəndi, Araz çayın

Bölük-bölük vətənim bitmir Tanrı sınağı,

Azərbaycan bayrağı!

 

Azadlığın yanğısı, inqilabdan doğuldun,

Candan keçən qaziyə, şəhidə kəfən oldun.

Vətəndən uzaqlarda bir parça vətən oldun

Kökü Azərbaycanda, dünyada qol budağı

Azərbaycan bayrağı!

 

Dalğalandı Şuşada, azaddır Qarabağın,

Cücərəcək bayrağım zirvəsində hər dağın.

Göyərəcək qayası sən sancılan torpağın.

Sevindirdi xalqımı, qələbənin sorağı

Azərbaycan bayrağı!

 

Ay boylanır solunda, günəş doğur sağında,

Kölgən nura bələnir göylərin qucağında.

Ruhuma bələnmisən, ruhum cənnət bağında,

İslama baş əyirik, yurdumuz türk ocağı,

Azərbaycan bayrağı! 

Azərbaycan bayrağı!

 

 

Oxşar şeirlər