Getmə...
Gedirsən arxanca üzülür canım,
Əlim əllərindən üzülən kimi.
Ayrılıq gəlməmiş əzir könlümü,
Yarpaq ayaq altda əzilən kimi.
Sən yoxsan, həsrətdən boğuluram mən,
Gəlirsən yenidən doğuluram mən.
Gecələr gözümdən süzülürəm mən
Yağış buludlardan süzülən kimi.
Sən bir sehirmisən, yoxsa yuxumu?
Könlümü oxşayan zərif qoxumu?
Sevgin bir nəğmə tək oxşar ruhumu
Sözlər misralara düzülən kimi.
Nə bilim, mən elə vuruldum sənə,
Həyatım, özümsən o gündən belə,
Gələrəm yanına, gələrəm yenə,
Dağlardan çeşməyə su gələn kimi.