Bu da payız, bu da xəzan, bu da mən,
Bu da durnaların vida nəğməsi.
Pəncərəmi döyən yağış deyil ki,
Bir gözəlin həsrətidir, həsrəti.
Bu da payız, əsir soyuq küləklər,
Buludlar içimə yağır, ilahi!
O çılpaq budaqda ağlayan quş da,
Gör necə gözümə baxır, ilahi!
Bu da payız, üzür məni vüsalın,
Həsrətin qəlbimi gətirir dilə.
Ay aman, necə də darıxdım sənçün?!
Ana balasıyçün darıxmaz belə.
Bu da payız, günüm keçir ay kimi,
Görən dözərəmmi, bu hicrana mən?
Elə “gözəl” əriyirəm şam klimi,
Gəlib görərsən ki, yox olmuşam mən.
Bu da payız, axı, hardan biləsən,
Necə olur payız vaxtı ayrılıq?
Hara baxsam, nə düşünsəm, nə yazssam,
Gülüm, yenə ayrılıqdır, ayrılıq.
Bu da payız, yuxusuz gecələrim,
Bu necə hicrandır, sən ola-ola?
Gülüm, bir söz deyim, qoy hamı bilsin,
Gözəlsən, “gözəldir” ayrılığın da!!!
Bu da payız, bu da xəzan, bu da mən,
Bu da durnaların vida nəğməsi.
Pəncərəmi döyən yağış deyil ki,
Bir gözəlin həsrətidir, həsrəti.
Bir gözəlin həsrətidir, həsrəti.