Gözlədim... gəlmədin yenə bu axşam,
Görən kim dayandı yolunda sənin?
Mənmi gözlərindən düşüb qalmışam,
Sənmi darıxmırsan dərələr üçün?..
Gözlədim... il kimi keçdi hər anım...
Bu qədərmi yad olmuşam mən sənə?
Nəfəsinə isindikcə nəfəsim,
Məhəbbətin soyuyurmuş sən demə...
Yaman gözlər qoymadı ki, göz açaq,
Bu nağılı biz beləcə bitirdik.
Sevənləri qoşa gördük, biz ancaq,
“Yarpaq-yarpaq günümüzü itirdik...”
“Dünənə yol yoxdu, zaman apardı”,
Sabaha ömrümüz yetərmi görən?
Daha sənə gedən yollar qutardı,
Ürəkdən o yana yol varmı görən?
Beləcə, sakitcə getdin bir axşam,
Gerçəkdin, əl çatmaz arzuya döndün...
Qayıtsan, qəlbimdə yer saxlamışam,
Bəlkə də nə vaxtsa geriyə döndün,
Bəlkə də nə vaxtsa geriyə döndün...