Bu bahar tabloda dincəlsin bir az.

Rəssam, sən fırçanla bahar rəsmi çək,

Bahar qış ömrümə gəlməyir yaxın.

Bu bahar tablonda yasəmənlər ək,

Mən ömrün qışından bahara baxım.

 

Könlümdə bənövşə qoxulu ayaz,

Qar altda üşüyən çöləm, çəmənəm.

Rəssam tablosuna gəlibdir bu yaz,

Kətan üzərində qarşıladım mən.

 

Çox sağolsun rəssam, gözəl çəkibdir,

Fırça bəzək verib geniş çöllərə.

Kətan üzərində hər gül əkibdir,

Hər tərəf bənzəyir bizim ellərə.

 

Təbiət qısqandı baxıb tabloya,

Ruhumu uçurdu, gül, çiçək rəngi.

Zirvənin üstündə mürgülü qaya,

Xəyala dalmışdı göylərin əngi.

 

Meh əsir, titrəmir, əsmir gül-çiçək,

Quşlar uça bilmir tablodan uzaq.

Yolların sonluğu hara gedəcək?

Gözləyir yol gedən saxlayıb ayaq.

 

Darıxdım, yollarda gedib, gələn az,

Quşlar oxumayır, böcəklər uçmur.

Bilmirəm tabloya necə gəlib yaz,

Bu yazdan heç mənim gözüm su içmir.

 

Hava qaralmadı, axşam olmadı,

Baxmadı səmadan nə ulduz, nə ay.

Dənizi çəkməyə yerdə qalmadı,

Dənizi axtarıb yorulmuşdu çay.

 

Oxşar şeirlər