Azadlığın ocağında,
Yanıb mən də olmuşam köz.
Nümayişlər, izdihamlar,
İçindən də axdım bir az.
Başlanğıcı Qarabağdır,
Sonu gözüyaşlı Araz.
Buda bir tale yüküdür,
Dillə söylə, qələmlə yaz.
Nə şairəm, nə yazıçı,
Dilimdədir dərdin ucu,
Kökün axtarmaq istəsən,
Tarixdədir, tarixi qaz.
Hər şey meydandan başladı
Ora Məkkə, Kəbə idi.
Millət şeytanı daşladı,
Əli yalın cəbhə idi.
Qərənfilin al yağışı,
Qana boyadı şəhəri.
Azad insanlar doğuldu,
Qanlı yanvarın səhəri.
Silinmədi yolumuzdan,
Yenə də düşmənin izi.
Dilimizdə düşmən sözü,
İçimizdə düşmən özü.
Qırx dörd günə keçilən yol,
Otuz ilin dözümü idi.
İgid əsgər bu igidlik,
Qəhrəmanlıq əzmi idi.
Azadlıq yolları qandır,
Qarabağ Azərbaycandır!
Vətənin üç rəngli rəmzi,
Təbrizdə də dalğalanır.
Coşub azadlıq dənizi,
Təbrizdə də çalxalanır.
Arxamızda dağ Turandır,
Təbriz də Azərbaycandır!