Mənim öz dilim var, öz ana dilim,
Onu anam mənə bağışlayıbdır.
Ən böyük mükafat anamdan aldım,
Məni öz dilində alqışlayıbdır.
Qoşa yatırıbdır laylası ilə
Dilinin ruhuna bələyib məni.
Bir az öz dilindən şirinlik qatıb,
Oğuz ləhcəsindən ələyib məni.
Mənim ana dilim, mənim türk dilim
Azadlıq qoxulu şəhid bənizli.
Bir vətən qoynunda iki qardaşım
Biri Dərbəndlidir, biri Təbrizli.
Hər xalq bəhrələnir zənginliyindən
Dünyanın yarısı danışan dilim.
Xətai dilidir, şah vüqarlıdır
Mənim varlığıma qarışan dilim.
Mən kiməm, əgər öz dilim olmasa,
Üç rəngli bayrağı əynimə geyim.
Mənə candan əziz vətən uğrunda
Ay ana, qaziyəm, şəhidəm deyim.
Mənim ana dilim, mənim Türk dilim
Bu dildə danışdım, başqa dildə yox.
Vətənimə vətən, anama ana,
Bu dildə demişəm, başqa dildə yox.