Azərbaycan.

Bir zaman bir imiş, indi ikidi,

Gözünə dağ oldu böyük gələcək.

Özü də bilmədi heç kiminkidi,

Bilmədi axırı necə gələcək. 


Oyula-oyula oyuna düşdü,

İlkinə od vurdu ikiləşməyi.

Son borcu bir elin boynuna düşdü,

O, zülmü sevmədi, biz güləşməyi.


Açıldı təpiklə, az döyülmədi, 

Gümanı qat verdi qara nisgilə.

Qılınc qabağında çox əyilmədi.

Qurğu qalasında çox qaldı belə.


Yorulan dözümü üzünə durub, 

Boynuna biçildi çəpər qoruğu.

Gopçu qənimləri qayda uydurub, 

Boynunda saxladı  boyunduruğu.


Alındı-satıldı çox ərənləri,

Şirəsi çəkilən şirin almadı, 

Özgənin yolundacan verənləri

Birləşib özünü yaddan almadı.


Yiyəsiz gəmidi, su basan ada,

 Onun ağısına siz qulaq asın.

İnsanın hər nəyi iki olsa da,

Təki bir Vətəni iki olmasın. 



Oxşar şeirlər